Əsas səhifə > SADƏCƏ DAXİL OLUN > ANAMIN SAÇLARI AĞARIR

ANAMIN SAÇLARI AĞARIR

Deyirlər, saçlar ürəkdən su içir. Deməli, ağaran saçlar qəlbdəki göynərtinin, ağrı-acının, sevinc-fərəhin nişanəsidir. Bir də görürsən elə ahıl yaşlı adamlarla qarşılaşırsan, başında bircə ağ tük də yoxdur, elə də olur ki, özü yaşca cavandı, amma saçları qar kimi ağappaqdı. Bilmirəm, bu, təbiətin, yoxsa həyatın möcüzəsidir? Yəqin ki, saçların vaxtsız ağarması o insanın keşməkeşli, çətin, həm də mənalı həyat sürməsindən xəbər verir.
 Uşaq vaxtı kiminsə saçını ağ görəndə fikirləşirdim ki, görəsən, mənim saçım nə vaxt ağaracaq? Elə düşünürdüm, insanların hamısı ağ saçlarıyla fəxr edir, mən də o cür qürur hissi keçirmək istəyirdim. Böyüdüm, yaşa doldum, saçlarıma yavaş-yavaş dən düşməyə başladı. Başa düşdüm ki, bu, heç də belə deyil. Nə vaxt ki, ürəyin sevgiylə, yaşamaq eşqiylə doludu, cəmiyyətə, xalqa köməyini əsirgəməməkdən ötrü çırpınırsan.Bax, onda saçın ağarmağa başlayır.Bir gün anam mənə diqqətlə baxıb dedi: “Saçların lap çox ağarıb”. Kədərlə dediyi sözlərin ağırlığından onun səsi titrədi. Hiss etdim ki, deyəsən, anam saçımın ağarmasından fikir çəkir. Axı, analar həmişə övladları üçün narahat olur, balalarından ötrü ürəyi yarpaq kimi əsir. Ürəyinə qurban olum, ay ana. Özümü şux tutmağa çalışıb, təmkinlə dilləndim: “Ay ana, qoy ağarsın da, uca dağların başı qar olar”. Tanış-biliş, qohum-əqraba məni görəndə deyir ki, saçını niyə belə tez, vaxtsız ağartmısan?..
   Biri çətinə düşdüyü vaxt kimdənsə kömək istəyəndə, kiməsə güvənəndə ona təsəlli üçün deyirlər: “Narahat olma, dağ kimi dayanmışam arxanda”. Doğrudan da insan biləndə ki, zərrə qədər də olsa kiməsə köməyi dəyir, kiminsə halına yanır, qayğısını çəkir, deməli, bu mürəkkəb həyatda yaşamağa dəyər. Birisinə asan, şirin, digərinə çətin, acı görünsə də, həyat – sözün əsl mənasında insan kimi yaşamağı bacaranlar üçündür.Anama dediklərimi xatırladım. Özümü bir anlıq əzəmətli, başı qarlı dağlar kimi təsəvvür etdim. Keçmişimə boylandım. Ürəyim sevincdən titrədi, gözlərim doldu. Cəmiyyət üçün, ehtiyacı olan kimin üçünsə bacardığım qədər, dəryadan bir damla da olsa nəsə etmək istədiyimə görə özümü xoşbəxt sandım. Və fikirləşdim ki, təvazökarlıq da olsa, yaşımın bu çağına baxmayaraq, axı, mən də bu həyatdan nə isə görüb-götürmüşəm. Həmişə “əl tutmaq Əlidən qalıb” prinsipi ilə yaşamaq istəmişəm.Dən düşən saçlarıma diqqətlə baxdım. Anamın və başqalarının dediyi sözlər yadıma düşdü. Onlar üçün vaxstız, özümə görə isə vaxtında ağaran saçlarım, demək, boş yerə vaxt keçirməmişəm, həyat sürməmişəm. Mərhum xalq şairimiz B.Vahabzadənin bir şeirində deyildiyi kimi:

Saçlarıma dən düşür , dən düşür , yaman düşür ,
Hər baxanda anamın , ürəyinə qəm düşür .
Bu ağ saçlar ay ana , səni dərdə salmasın ,
Saçımın ağlığından qanın heç qaralmasın !

Alışıram gecələr , masa arxasında mən ,
Saçlarım da ağarır , qəlbiminatəşindən .
Sən demə ki balamın bəlkə gizli dərdi var ,
Vaxtsız ağaran saçın , özgə bir aləmi var !

Ölüm belə qəm deyil bu həyatı duyana ,
Mən bu ağ saçlarımla öyünürəm , ay ana !
Qara , şəvə saçları təbiət vermiş mənə ,
Mən güvənə bilmərəm onun bu töfhəsinə .
Zəhməti həyatımın ilk bəzəyi sanmışam ,
Ağ saçları həyatda mən özüm qazanmışam .

  1. İyun 12, 2011 tarixində, saat 11:21 axşam

    Ela movzudu, aferin…

    • İyun 13, 2011 tarixində, saat 12:26 səhər

      cox sag ol 🙂

  1. No trackbacks yet.

Bir şərh yazın