Əsas səhifə > DİGƏR > Avtomobil qəzasında dünyasını dəyişən qrup yoldaşım Nurlanaya – Elegiya

Avtomobil qəzasında dünyasını dəyişən qrup yoldaşım Nurlanaya – Elegiya

Bu səhər fakültəmizin qulağına külək kimi bir xəbər əsdi: Nurlana canını yer üzündən çəkib apardı. Çəkib apardı deyəndə ki, yəni yerini dəyişdi, yeniləşdi. Ölümü deyirəm. Ölüm mənim üçün bir yeniləşmə, insanın bir haldan başqa bir hala keçməsidir.

Xəbər alnıma daş kimi dəydi. Bəzən, göz yaşları insan kədərini, qəmini olduğu kimi ifadə edə bilmir. Ona görə də ağlamağın xüsusi bir istedad olduğunu düşünüb və Allahdan məni istedadsızlığıma bağışlamasını diləyərək, durumumu göz yaşları ilə yox, bu cür ifadə etməyimi daha məqbul sayıram: Elə bil ürəyimi qulağımın içindən çəkib çıxardılar. Əllərimi havada qoşa gül kimi cütləyib, bir xeyli üzümdə saxladım. Elə əllərim üzümdə də səkinin qırağında oturdum. Bir anın içində bütün dilçilik duyumumu işə salıb, gördüm ki, Nurlana, sən artıq felin keçmiş zamanındasan, əllərin, saçların, üzün gözlərimin qarşısında mücərrəd isim kimi görünməz olub.

Gördüm ki, dostlardan biri deyir, onu dünən görəndə sanki, harasa hazırlaşırdı, elə bil yol üstündəydi, nə bilim qatar gözləyirdi. Ardınca o biri əlavə edir ki, mənim də gözümə son vaxtlar qəribə görünürdü, elə bil öləcəyini qabaqcadan hiss eləyirdi. Ortada söz arası dostlardan başqa biri dedi, ölümdən yaman çox danışırdı son zamanlar, elə bil ölümün kodlarını bilə-bilə dartıb özünə yaxınlaşdırırdı. Sonra əlavə etdi ki, dünən kövrəlmişdi, qarşısına ağ vərəq qoyub nəsə cızmaqara eləyirdi. Lap axırda başqa birisi isə söhbətə yekun vurub qeyd elədi ki, mən onu sonuncu dəfə görəndə dedi, bu gecə yuxu görmüşəm, Allah məni çağırırdı. Nə bilim, bəlkə də, belə deyildi, bunların heç biri olmamışdı, ancaq adətən insan itkisi yaxın dostlar tərəfindən bu cür xatırlanır. Əsası isə odur ki, sıramızdan bir işıq apardılar. Özü də gur, enerjili bir işıq!

Bəs mən Nurlananı necə xatırlayım? Onu son dəfə harda gördüm? Necə gördüm? Nə danışdım onunla? Bu yerdə yaddaşımı vərəqləyib görürəm ki, Nurlana ilə axırıncı dəfə ölümündən beş gün öncə, yəni doğum günüdə qarşılaşmışam. Mən onu təbrik elədim. Həmişəki kimi sevincli və şən idi. Dedim ki, doğum gününü ürəkdən qutlayıram. Hələ bir xeyli güldürdüm də onu. Yarızarafat əlavə elədim ki, sənə Atlantik okeanının üzərində təyyarə ilə 16 saatlıq səyahət, Havay adalarında bir həftəlik istirahət, İsmət İnönü stadiyonunda Qalatasaray-Fənərbaxçə oyununa ön cərgədən bir bilet və Avropaya roman yazmağı öyrədən türk yazıçısı Orxan Pamukla bir süfrə arxasında çay içməyi arzulayıram. Əslində, bunlarım hamısı mənim arzularım idi, ona deyirdim. Vəssalam. İndi bu sözləri mən öz aləmimdə Nurlana ilə vida mərasimi kimi xatırlayıram.

Kitabxanaçı qadının semestrin axırında deyəcəyi söz qulaqlarımda indidən cingildəməyə başlayıb:

– Sizdə bir qız oxuyur, Nurlana adında, ona de ki, götürdüyü kitabları qaytarsın.

Bax, o səsin içində sənin yoxluğun var, Nurlana!

Biz tələbələr və müəllimlər xəbəri eşidən kimi əvvəlcə Nurlananın keçmiş ünvanına – evlərinə yolda düşdük.Yolda fikirləşdim ki, bəlkə yalandı. Bəlkə zarafatdı. Olur da arada. Bəlkə elə burdaca Nurlana çıxacaq qarşımıza və deyəcək ki, mən ölməmişəm, yaşayıram!!! Ancaq saçlarını küləyə verən ananın fəryadını eşidəndə qəhər qoz kimi yumrulanıb boğazımda tıxandı. Sonra Nurlananın yeni ünvanına öyrənib, birbaşa yollandıq oraya. Qəbri elə bil balaca bir qayıq kimi aramıza sərilmişdi. Təsəvvür edin, sanki dəniz quruyub, qayıq adamların arasında qalıb. Nurlanın qəbri də özünə oxşayurdu. Özü kimi gur, işıqlı idi və bu işıqlı torpaq yorğanın altında yumruq boyda, balaca bir ürək susurdu. Məzar başında ürək ölümünə ən çox yanan isə hələ ağlamaq bacarığı olmayan, ağlamağın çəmini, yolunu bilməyən başqa tələbə ürəklər – qrup yoldaşlarımız idi.

Külək göz yaşlarını yanaqlarda balaca top kimi o yana, bu yana dığırlayırdı, sonra bulaq suyu kimi yanaqdan süzülüb torpağa tökülürdü. Bu göz yaşından qəbir elə bil dinmək, danışmaq istəyirdi. Ayağa durub yerimək üçün canında hərəkət axtarırdı sanki.
Nurlananın ölümü ilə təkcə cərgəmizdən bir insan azalmadı. Bir stəkan sındı, bir boşqab çilikləndi və ən əsası bir gəlinlik paltarı da öldü. Bu dünyada bir yer də boş qaldı.

O günü dərsə gedirəm, gördüm ki, partalar ayağa qalxıb, qapılar üzə durub. Sinif jurnalı ağaca dönüb, qatı açılmır. İndi o jurnalda sahibsiz bir ad yaşayır. Məncə, dünyada bundan kədərli heç nə yoxdur.

Jurnal dedim, yadımda düşdü. Nurlana qrup nümayəndəsi idi. Jurnalda onun xətti ilə yazılmış i/e-lərə nəzər saldım, adının qarşısına yazılmış qiymətlərə baxdım. Hamısı başdaşına dönmüşdü. Həmişə dərsdə iştirak etməyən tələbələrə qayıbları da Nurlana yazardı. Bu gün isə o özü bizim aramızda, bu dünyada iştirak etmir. Həyatda iştirak etmədiyinə görə, görəsən ona qayıbları kim yazır bəs? Allahmı?

Yazdi:Kəramət Böyükçöl

Kateqoriyalar: DİGƏR
  1. Ayikko
    Dekabr 18, 2012 tarixində, saat 8:24 axşam

    ALLAH REHMET ELESİN COOX PİS OLDUM

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma