Əsas səhifə > İRƏLİ İCTİMAİ BİRLİYİ > YEDİM ƏLLƏRİM QARALDI…

YEDİM ƏLLƏRİM QARALDI…

Bilirəm hamıya maraqlıdır.Başlıq niyə belədir?…Bunun mənim üçün bir tarixçəsi var.İlk öncə bu barədə danışacağam.Uşaq idim.Valideynlərim rayondan nar gətirmişdilər.Bölə bilmirdim.Əlimə üzümə bulaşdırırdım.Anam da hər dəfə danlayırdı.Amma sonadək əl çəkmirdim.Narı bölüb yeyirdim.Səhəri gün əllərim qaralmışdı.Yenə deyinirdim ki,bir də nar yeməyəcəm.Amma sonra anam narın xeyiri haqqında mənə danışdı.O gün bu gündür nar ən sevimli meyvəmdir.Hər dəfə nar yemək üçün payızı gözləyirəm.Elə bu məqaləni yazmaq da mənimçün bir qədər asan olacaq.Çünki nar mövsümüdür.Bu da mənə müəyyən qədər kömək edir.

Hər il 2006-cı il noyabrın 3-dən başlayaraq elə məhz bu tarixdə Göyçay şəhərində Nar festivalı həyata keçirilir.Niyə məhz Göyçay?Çünki Göyçay narın vətəni  kimi qeyd olunur həmişə.Göyçay narı artıq dünyada şöhrət tapmışdır.

Öncədən bir qədər Göyçay şəhəri haqqında danışım. Buraya çinarlar şəhəri də deyirlər. Rayon mərkəzindəki 200 – ə yaxın çinar ağacı 1982 – ci ildə Nazirlər Sovetinin aldığı bir qərarla tarixi abidə kimi qorunur. Çinar ağacları buraya ayrı bir gözəllik və əzəmət verir. Tarixi Şirvan coğrafi ərazisinin bir parçasının digər məşhur simvolu nardır.Rəsul Rzanın vətəni olan Göyçaya gələnlər buranı tanımaqdan, insanları ilə ünsiyyətdən məmnunluq duyurlar. Dağların öz yerini yavaş – yavaş düzənliyə verdiyi bu yer tam bir nar cənnətidir.

Nar qədimdən bəri Şərqdə bütün meyvələrin şahı hesab olunur. Qurani – Kərimə görə cənnət bağı meyvələri sırasında nar da var. Bir çox xalqlarda nar çiçəkləri və meyvəsi zənginliyin, bolluğun və məhsuldarlığın rəmzi hesab edilir.

Nar Azərbaycanda xalq təbabətində də geniş istifadə edilir. Narın təkcə yeməli dənələri deyil, qabığı, çiçəyindən də istifadə olunur. Hipertoniya, mədə – bağırsaq, qan azlığı, qızdırma, öksürək, soyuqdəymə, bronxial astma, angina və malyariya xəstəlikləri zamanı, boğaz ağrıyanda, yanıq yerlərinin sağalmasında, böyrək, qara ciyər, ağız boşluğu, qulaq və gözlərin iltihabı kimi xəstəliklərin müalicəsində çox faydalıdır. Azərbaycanın hər yerində yetişdirilsə də Şirvan diyarı ən yaxşı nar sortlarının yetişdirilməsi üçün mərkəz kimi qəbul edilir.

Ən populyar növ Gülöyşə nardır. Meyxoş dadlı, sulu, turşaşirin, iri dənəli, qıpqırmızı, iştah qabardan gülöyşə narından yedikcə yeyir, doymaq nədir bilmirsən.

1960 – cı illərdən fəaliyyətə başlayan nar zavodunda narşərab, nar suyu, nar şirəsi çəkirlər. B1, B12, C vitaminləri, dəmir maddələrlə zəngin saf nar suyunu içmək məsləhətdir. Nardan itkiyə heç nə getmir. Qabığından boya əldə edilməkdə, tumundan kosmetik yağ hazırlanmasında istifadə edilir. Dənələrindən su, şərab, şirə hazırlanır. Narşərab sous kimi yağlı yeməklərdə, qutabda, balıq qızartması ilə servis edilir. Nar turşusu bəzi digər yeməklərdə də işə yarayır.

Narlar həqiqətən unikaldırlar. Bu meyvənin təəccübləndirici xüsusiyyətləri ondadır ki, o, insan orqanizmini yaxşılaşdıran bütün bioloji aktiv maddələri özündə cəmləşdirib, radiasiya və arterial təzyiqi azaldır. Narın şirəsi qanda hemoqlobin səviyyəsini yüksəldir, radiasiya və arterial təzyiqi azaldır. Narın qabığının həlimi diareya və qurdlara qarşı gözəl vasitədir və həmçinin yağlı dəriyə maskanın əsası kimi yaxşıdır.

Unikal maddə – punikalaqin yalnız narda mövcuddur. Amerika alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində insan orqanizmindəki virusları məhv etmə və bloklama xüsusiyyətinə malik olan həmin unikal maddənin narda mövcud olması təsdiqlənmişdir.

 Narın bir çox tibbi faydaları da alimlər tərəfindən təstiqlənmişdir. Eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər.Nar meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlərlə, boyayıcı maddələrlə, makro və mikroelementlərlə də zəngindir. Cır nar meyvəsinin şirəsindən təbabətdə və yeyinti məhsulları sənayesində istifadə etmək üçün limon turşusu istehsal olunur. Meyvəsinin qabığı da faydalıdır. Onu çay kimi dəmləyib, mədə bağırsaq xəstəliklərində ishala və dezinteriyaya qarşı qəbul edirlər. Böyrək və qaraciyər xəstəliklərinə tutulanlara nar şirəsi içmək çox xeyirlidir. Şəkər xəstəliyi olanlara cır narın şirəsindən içmək məsləhətdir. Azərbaycan Dövlət Tibb Universitetində cır nar meyvəsinin şirəsinin antidiabetik təsiri həm eksperimental, həm də klinik cəhətdən öyrənilmiş və müsbət nəticələr əldə edilmişdir. Nar şirəsilə 10-12 gün davam etdirilən müalicə nəticəsində xəstələrin hamısında ürək yanğısının azalması, ağızda quruluğun və acılıq hissinin itməsi, başağrısının kəsilməsi kimi müsbət dəyişikliklər müşahidə edilmişdir. Xalq təbabətində nar meyvəsinin qabıqlarından “nar qəzəli” adı ilə, eləcə də nar ağacının gövdə və budaqlarının qabıqlarından toz formasında və sulu bişirmə şəklində qurd əleyhinə dərman kimi istifadə edilir. Şəki rayonunda narda iştah artırmaq üçün “nardaşa” adlanan şərbət hazırlanır. Həmçinin cır nardan “narşərab” hazırlanır ki, bu da həzmetmə prosesinə kömək edir və sınqa xəstəliyinin müalicəsində yaxşı nəticə verir.Nar şirəsindən hipertoniya xəstəliyində, eləcə də ürək ağrılarında istifadə olunur. Nar şərbəti döş ağrıları zamanı, öskürək dərmanı kimi də qəbul etmək olar.Şirin nar meyvəsinin şirəsini böyrək xəstəliklərində, eləcə də temperaturu aşağı salmaq üçün içmək məsləhətdir.Kəmşirin nar meyvəsinin şirəsindən böyrəklərdə və öd kisəsində daş bağlayan zaman istifadə olunur.Nar şirəsi babasil xəstəliyini müalicə etmək üçün də faydalıdır.Xalq təbabətində nar şirəsindən yel xəstəliyində sürtmə dərmanı kimi işlədilir. Nar ağacının kökünü qurudaraq toz halına salıb, onu əzvayla bərabər miqdarda qarışdırırlar, sonra çıxıqlarda, əziklərdə təpitmə şəklində ağrıkəsici kimi işlədirlər.Nar qabıqlarını və çiçəklərini çay kimi dəmləyib, boğaz ağrılarında, angina, diş ətinin iltihabı xəstəlikləri zamanı antiseptik qarqara dərmanı kimi istifadə edirlər.

Nar haqqında bir çox rəvayətlər,hekayələr və şeirlər yazımış,bu günkü günümüzə gəlib çatmışdır.Bunlardan birini elə məhz bu yazımda qeyd etmək istərdim.

Nar qız necə oldu?

Nar qız nağı­lı­nı dedin bir axşam,
Tutuldum, göz­lərim yaşardı onda.
Narı də­nə­ləyib yedim bir axşam,
Nar qız yoxa çıx­dı nar qurtaranda.

Söy­lədin: – Ay bala, gör bir nə etdin,
Gö­rür­sən, boş qalıb nar qı­zın yeri.
Sən o gün nar qı­zın dalınca getdin,
Bir daha qayı­dıb dön­mədin geri.

Bu gecə yuxuda səni gör­mü­şəm,
Qayıt evimizə, tez elə gö­rüm.
Səninçün bir qucaq nar gətirmişəm,
Onların birini qız elə gö­rüm.

Bu nar qıza dön­sə əh­də düz olar,
Duyar ürəyimdən gəlib keçəni,
İnana bilmirəm bu nar qız ola,
Qızların içində bə­yə­nə məni.

Bu dərd ürəyimi buza dön­dərir,
Dünyada nə olub, mə­nə olubdur.
Almanı dərvişlər qıza dön­dərib,
Narı qı­z eylə­yən nə­nən olubdur.

Azərbaycan narı bayaq qeyd etdiyim kimi bütün dünyada şöhrət tapmışdır.Buna misal olaraq bele bir hadisəni qeyd etmək olar.

“Azəri” Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti Yeni Zelandiyada keçirilən sərgidə Azərbaycanda istehsal olunan nar şirələrini nümayiş etdirmişdi. Azərbaycanın nar şirələrindən ibarət guşə sərgiyə gələnlərin böyük marağına səbəb olmuşdu. “Azəri” Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudov Azərbaycana aid stend ətrafında toplaşanlara Azərbaycan barədə məlumat vermişdi. Yeni Zelandiya vətəndaşları ilə yanaşı sərgiyə gələn əcnəbilər Azərbaycanın nar şirələrindən dadıb və onun keyfiyyətini yüksək dəyərləndirmişdilər.

Respublikamızın birinci xanımı Mehriban Əliyeva Bakıda keçirilən “Azərbaycan sivilizasiyalararası dialoqun keçmişi və bu günü” mövzusunda konfransda nar haqqında bu fikirləri söyləmişdir.Bu konfransda Latın Mədəniyyəti Akademiyasının üzvləri də içtirak etmişdir.

“Latın Mədəniyyəti Akademiyasının rəmzini görərkən, yəqin ki, bizim hər birimizin yadına Azərbaycan narı düşdü. Bu, nar çiçəyidir və biz hər birimiz onu görəndə Azərbaycan narını yadımıza salırıq. Nar Azərbaycan torpağının ən gözəl nemətlərindən biridir və bizim dastanlarda, mahnılarda, nağıllarda çox böyük yer tutur. Məlumdur ki, Məhəmməd Peyğəmbər narı insanları nifrətdən azad etməyə qadir bir nemət
sayırdı. Digər rəvayətə görə, nar İsa Peyğəmbərin göylərdən gətirdiyi bir nemətdir.Buddizmdə üç xüsusi fərqlənən nemətlərdən biri də nardır. Bir çox qədim mədəni ənənələrdə nar həyat ağacının meyvəsi sayılır. Bu gün isə biz deyə bilərik ki, nar dünyada olan müxtəlif mədəniyyətlərin eyni kökə malik olmasının rəmzidir.”

Bəli!Mən fəxr edərək deyə bilərəm ki,narın vətəni AZƏRBAYCANDIR.”Cənnət görmək istəyən Azərbaycana gəlsin” fikrinin sözlərində dəyişiklik edərək demək istəyirəm: “Nar görmək istəyən Azərbaycana,Göyçaya gəlsin”!!!

Diqqətinizə görə təşəkkür edirəm…

 

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma