Əsas səhifə > SADƏCƏ DAXİL OLUN > SINMIŞ BƏXT ÜZÜYÜ

SINMIŞ BƏXT ÜZÜYÜ

…Bu gün Telmanın ad günüydü. Axşamüstü keçiriləcək ad günü şənliyində rayondan dəvət olunmuş əmisi qızı Aytənlə yanaşı, onun valideynləri, ailə üzvləri və digər yaxın qohumları da iştirak edəcəkdilər. Telman qonaqlığa Şahini də dəvət etmişdi. Şahinlə Aytən nişanlıydılar. Elə şair təbiətli Şahinin Aytənlə nişanlanmasına səbəbkar da tələbə yoldaşı və yaxın dostu Telmanın özü idi. Şahin onun xətrini dünyalar qədər istəyirdi. Bir-birlərinə qardaşdan da yaxın idilər.Telman ondan xahiş etmişdi ki, xüsusi olaraq bu ad günü üçün təzə şeir yazsın və qonaqlıqda sağlıq deyəndə onu oxusun.Dostunun xahişini yerinə yetirmiş Şahin otağında tək-tənha var-gəl edir, gah qonaqlıqda deyəcəyi sağlığı, gah da əzbərlədiyi yeni şeirini dönə-dönə təkrarlayırdı. Nəhayət yoruldu. Stolun üstündəki saata baxdı. Saatın əqrəbi biri göstərirdi. Qonaqlıq isə axşam saat altıya təyin olunmuşdu. Hələ xeyli vaxtı vardı. Dincəlmək istədi. Çarpayısına yaxınlaşaraq qolundakı saatı stolun üstünə qoydu. Barmağındakı nişan üzüyünü çıxartdı. Üç dəfə öpüb gözlərinə sürtdü. “Ürəyim bununla nəfəs alır” deyib üzüyü əynindəki ağ köynəyinin sol cibinə, ürəyinin üstünə qoydu. Yatağa uzandı. Əllərini başının altında qoşalaşdırıb gözlərini tavana zillədi. Xəyala gedib dərin düşüncələrə daldı. Yavaş-yavaş ona güc gələn yuxu göz qapaqlarını bağladı.Zülmət qaranlıqlı bir gecəydi. Səssiz-səmirsiz, kimsəsiz bir yolda Şahin tək-tənha addımlayırdı. Xeyli yol qət etmişdi ki, ayaq səsləri eşitdi. Dayanıb geriyə boylandı. Iki nəfər onun ardınca gəlirdi. Diqqətlə baxdı. Tanış deyildilər. Fikir verməyib yoluna davam etdi. Gələnlər onu qarabaqara izləyirdilər. Şahin güclənən addım səslərindən şübhələndi. Hiss etdi ki, onu təqib edirlər. Addımlarını bir az da yeyinlətdi. Addım səsləri eşidilməz oldu. O, tini burularkən, dar dalandakı evin küncündən çıxan iki nəfər qəflətən ona hücum etdi. Nə qədər təəccüblü olsa da, hücum edənlərdən biri qadın idi. Maska geyinmişdilər. Təkcə gözləri görünürdü. Onlar Şahini divara dirəyib boğmağa çalışırdılar. Şahin cəld tərpənib kişini kənara itələyə bildi. Əllərini uzadıb onu boğmaq istəyən qadının maskasını qopartmağa çalışdı. Lakin kürəyinə saplanmış bıçaq buna imkan vermədi. Bıçaq dərinə işləyib ürəyinə batmışdı. Ağrıdan qıvrıldı. Uzanıqlı əlləri yavaş-yavaş sustalıb yanına düşdü. Bunu görən qadın Şahinin üstünə şığıyıb onu boğmağa başladı. Şahin qışqırmaq, səsini eşidə bilənləri köməyə çağırmaq istədi. Qışqırdı və…
Öz qışqırtısına yuxudan hövlnak ayılıb yerindən dik atıldı. Tərdən bədəni suyun içindəydi. Stola yaxınlaşdı, qrafindən stəkana su töküb içdi. Elə bil ürəyinə bir sərinlik gəldi.
– Yaman dəhşətli yuxu görürdüm. Görəsən, yuxumun yozması nə ola bilər?
Xeyli fikirləşdi.
– Eh, nə bilim, Allah axırını xeyir eləsin.
Cəld vanna otağına keçib yuyunaraq qurulandı. Güzgünün qarşısına keçdi. Itidişli darağını götürüb qara tellərini daradı. Fransız ətrindən tərtəmiz qırxılmış üzünə, telinə, azacıq da paltarlarına çilədi. Yataq otağına qayıdıb saata baxdı. Deyəsən, ad gününə bir az gecikirdi. Saatını qoluna bağladı. Əlini köynəyinin cibinə salıb üzüyü çıxartdı və gördüyü mənzərədən dəhşətə gəldi. Üzük sınmışdı. Yuxusunu yenə xatırladı və onu heyrət bürüdü. Elə bu an telefonun musiqili zəngi eşidildi. Telefonun dəstəyini götürdü:
– Alo, eşidirəm.
– Hardasan, ay başı batmamış?
Tanıdı. Telman idi.
– Harda olmalıyam, ay Telman, evdəyəm, yatmışdım.
– Nə, yatmışdın? Ay evi tikilmiş, nişanlıngil rayondan gəlib burda səni gözləyirlər, sən də yatmısan?
– Narahat olmayın, gəlirəm.
– Hələ de görüm, mənimçün şeir yazmısan, ya yox?
– Bəli, yazmışam.
– Ay sənin gözünə dönüm, qonaqlığın mənim boynuma. Ləngimə, tez gəl.
– Bu saat gəlirəm.
Dəstəyi asdı. Fikirləşdi ki, əvvəlcə zərgər Talıbın emalatxanasına gedib üzüyün sınıq yerini qaynaq elətdirib sonra ad gününə getsin. Öz fikrini özü də bəyəndi. Küçəyə çıxıb usta Talıbın emalatxanasına doğru addımladı.
Hamının «Talıb əmi» deyə çağırdığı bu usta şəhərin tanınmış, adlı-sanlı zərgəriydi. 40 il idi bu peşədə çalışırdı. Şahin emalatxananın qarşısında dayandı. Usta Talıb maqqaşla sol əlində tutduğu üzüyün brilyant qaşını qaynaqlanmış yerinə salırdı. Şagirdi Ismayıl sınıq bir üzüyü qaynaq edirdi. Şahin açıq qapıdan içəri girib salam verdi:
– Yorulmayasınız. Işiniz avand olsun.
– Çox sağ ol, oğlum. Nə lazımdır, qulluğunda hazıram.
– Qulluq sahibi olasan, Talıb əmi.
Cibindən üzüyü çıxartdı.
– Dostumun ad gününə tələsirəm. Xahiş edirəm, bu üzüyün sınıq yerini qaynaq edəsən.
– Baş üstə.
– Başın var olsun, Talıb əmi.
Usta üzüyü Şahindən aldı. Onu o üz – bu üzə çevirdi. Sınıq yerinə baxdı.
– Nədən sınıb?
– Yatanda köynəyimin cibinə qoymuşdum. Yəqin ehtiyatsızlıq etmişəm, sınıb.
Usta əvvəl Şahinə, sonra üzüyə baxdı. Fikrə getdi. Üzüyün çəkisi də çoxdu, qalınlığı da. Əgər ağırlıq düşsəydi, əzilərdi. Yox, bu, ağırlıqdan sınan üzüyə oxşamırdı.
– Nişan üzüyündü, oğul?
– Bəli.
– Nişan üzüyü bəxt üzüyüdü. Sən gözlə, bu dəqiqə hazır olar.
Usta Talıb qaynaq alətini işə salıb onun qazlı odunu işə saldı. Bir küncə qoyulmuş qədimi nimçədən iki qızıl sim götürdü. Odu simlərə yaxınlaşdırdı. Alovun dilləri simləri yaladıqca onlar əriməyə başlayırdı. Ancaq onlar əridikcə yaranmış qızıl külçələri stolun üstünə tökülürdü. Talıb kişi nimçədəki simlərdən ikisini də götürdü. Qaynaq etmək istədi. Ancaq üzük yenə də qaynaq götürmədi. Onu tər basmışdı. Ismayıl da matdım-matdım ustasının üzünə baxırdı. Birdən heç kəsin gözləmədiyi halda usta dilləndi:
– Oğlum, sənin üzüyünü mən düzəldə bilmərəm. Başqa ustanın yanına apar.
Usta Talıb üzüyü Şahinə sarı uzatdı. Şahin təəccüblə onun üzünə baxdı.
– Talıb əmi, bu günə kimi kimisə əliboş yola saldığını eşitməmişəm. Indi sənə nə oldu?
– Bağışla, oğlum. Mən bacaran iş deyil. Götür üzüyünü.
Şahin dinməz-söyləməz üzüyü götürdü. Hiss etdi ki, ustanın əli keyiyib. Sağollaşıb emalatxananı tərk edəndə Ismayıl ustadan soruşdu:
– Ay Talıb əmi, lap mat-məəttəl qalmışam. Üzük niyə qaynaq götürmədi?
– Bilmirəm, Ismayıl. Deyəsən, bu yazığın da taleyi bəxt üzüyü kimi tez sınacaq. Heyif, çox heyif.
Şahin ustanın son sözlərini eşitdi. Dayanıb geriyə boylandı. Dünyagörmüş ağsaqqal Talıb kişinin dolmuş gözlərindən süzülən yaş damlaları nəzərindən qaçmadı. Duruxdu. Yuxusu yenidən yadına düşdü. Əti ürpəşdi. Yoluna davam etməyə başladı və qarşıdakı yolayrıcında dayandı. Baxışlarını əlli metrlikdə yerləşən ikimərtəbəli evə – Telmanın evinə zillədi. Usta Talıbın son sözlərini xatırladı. Bərk-bərk sıxılmış ovcunu açıb üzüyə, onun sınıq yerinə bir də baxdı. Çox pərişan oldu. Gözləri yaşardı. Dəsmalla göz yaşlarını sildi. Telmangilə getmək istədi. Iki-üç addım atıb dayandı və geriyə döndü. Kirayə qaldığı evə yollandı.

***
Şahin otağına səhərə yaxın qayıdaraq yatağında uzanmışdı. Halsız idi. Axşamdan bəri dilinə bir tikə çörək, bir içim su dəyməmişdi. Yuxusuzluqdan gözləri qızarmışdı. Hərdən kirpikləri ağır-ağır qucaqlaşıb ayrılırdı. Şahin gözlərini tavana zilləyib dərin fikrə getmişdi. Ürəyi tez-tez çırpınırdı. Elə bu an otağın dəmir qapısı döyüldü. Fikirli olduğundan Şahin qapının taqqıltısını eşitmədi. Qapı yenidən döyüldü. Lakin yenə səsi eşitmədi. Qapı bir neçə dəfə döyülsə də, Şahindən səs çıxmadı. Telman qapını açıb otağa girdi. Çarpayısında uzanıb fikrə getmiş Şahinə yaxınlaşdı.
– Salam, Şahin.
Şahindən cavab eşitmədi. Telman onu silkələdi.
– Şahin, ay Şahin.
Şahin üzünü Telmana sarı çevirdi.
– Nə yaman sınıxmısan, ay nişanlısı göyçək? Bənizin də xeyli solub. Lap əriyib çöpə dönmüsən ki.
Şahin susub cavab vermədi.
– Elə dərin fikrə getmisən ki, elə bil gəmilərin dəryada qərq olub. Bəlkə allah eləməmiş, evdən bəd xəbər-zad var?
Şahin yenə dillənmədi.
– Niyə dillənmirsən, Şahin?
– Evdə salamatçılıqdı.
– Bəs niyə qanın qaradı? Bəlkə xəstələnmisən?
– Xəstələnsəydim, bundan yaxşı olardı.
– Aha, deyəsən, səndə təzə xəbər var. Yenə hansı aravurandan, araqarışdırandan söz eşitmisən? Söylə, eşidirəm.
– …
– Niyə susursan?
Nəhayət Şahin dilləndi:
– Telman, bu günə kimi mənim səndən gizli sirrim olmayıb. Mənim qəlbimdəkilərin hamısından xəbərin var.
Yumulmuş ovcunu açdı, üzüyü dostuna göstərdi.
– Dünən nişan üzüyüm sınıb.
– Ona görə ad günümdə iştirak etmədin, eləmi? Dost-tanışın, qohum-əqrəbanın yanında məni də, Aytəni də xəcil elədin.
– Bağışla, Telman. Dünəndən bəri özümü pis hiss edirəm.
– Bu üzüyə görəmi?
– Bəli. Üzük sınandan elə bilirəm qəlbim də sınıb.
– Filosofluq eləmə, Şahin, bir üzük nədir ki, ona görə bu qədər dərd-qəm çəkib fikir edirsən. Nə çoxdur belə üzüklərdən, gedək birini alım səninçün.
– Istəmirəm. Başqa üzük mənə gərək deyil.
– Niyə?
– Bu üzük mənim bəxt üzüyümdür.
– Allahu-əkbər, bu yenə başladı mənimçün filosofluq eləməyə.
– Filosofluq eləmirəm, Telman.
Telman gicgahını qaşıdı.
– Yaxşı, qulaq as, Şahin, bir təklifim var. Üzüyü aparaq usta Talıbın yanına, qaynaq elətdirək. Üzük problemin də həll olsun, canın da dincəlsin.
– Dünən getmişdim Talıb əminin yanına. Düzəldə bilmədi.
– Ola bilməz.
– Əziz canınçün doğru sözümdür. Nə qədər çalışdı, vurnuxdu, üzük qaynaq götürmədi.
Şahin dünənki yuxusunu da, emalatxanadakı söhbəti də Telmana danışdı. Təəccübdən Telmanın gözləri bərəlmişdi.
– Indi neyləmək fikrindəsən?
– Bilmirəm. Özümü elə itirmişəm ki, dünəndən bəri özümə gələ bilmirəm. Heç bilmirəm Aytən bu üzük məsələsinə necə reaksiya verəcək.
– Şahin, bu problemini həll etmək mənim boynuma. Narahat olma, hər şey yaxşı olar, inşallah. Dur, hazırlaş, gedək bizə. Aytəngil yolunu gözləyirlər. Axşamüstü rayona yola düşəcəklər.
– Mən bu görkəmdə ora gedə bilmərəm. Sən get. Işindən qalma. Mən də fikirləşim, görüm başıma nə çarə qıla bilərəm.
Şahin pəncərəyə yaxınlaşdı. Küçədə qol-qola girmiş, qoşa gedən gənc oğlanla qıza baxdı.
– Gözüm bu üzük məsələsindən heç su içmir. Allah axırını xeyir eləsin, – deyib kədərli-kədərli yenidən fikrə getdi.

***
Aytənin ad gününə iki gün qalmışdı. 18 yaşı tamam olacaqdı. Istəyirdi ad gününü təntənəli şəkildə qeyd etsin. Ona görə də ad gününə rəfiqələrini, qohumlarını, yaxın qonşularını, Bakıdan əmisi oğlu Telmanı və təbii ki, nişanlısı Şahini də dəvət etmişdi. Evdə ad gününə qızğın hazırlıq gedirdi. Birdən qapı döyüldü. Mətbəxdən çıxan Aytən qapıya yaxınlaşıb açdı. Telman idi. Öpüşüb-görüşdülər.
– Muştuluğumu ver, əmiqızı, Şahinin vəzifəsini yüksəltdilər. Indi idarənin baş mühəndisidir.
– Muştuluğun məndə, əmioğlu, bəs Şahin nə vaxt gələcək?
– Bağışla, əmiqızı, Şahin ad günündə iştirak edə bilməyəcək.
– Niyə?
– Idarələrində yoxlama işləri gedir. Yoxlama bir həftə davam edəcək. Narahat olma, Şahin on günə gələr. Hələlik al, bu buketi də, qutunu da Şahin göndərib.
O, qutunu və gül buketini əmisiqızına verdi. Aytən əlindəkiləri öz otağına apardı. Müxtəlif əsrarəngiz və rəngarəng gül-çiçəklərdən bağlanmış buketdən xoş bir iy, qoxu gəlirdi. Aytən gülləri xeyli qoxladı və buketi pəncərənin qabağındakı güldana qoydu. Sonra qutunu açmağa tələsdi. Şahin ona bir cüt ayaqqabı, zərli don və bahalı baş yaylığı almışdı. Qutuda bir zərf də vardı. Aytən zərfin yapışqanla yapışdırılmış ağızlığını çeçələ barmağının uzun dırnağıyla cırdı. Zərfin içində gül ləçəkləri vardı. Məktubdan ətir qoxusu gəlirdi. Aytən dörd qatlanmış məktubu açdı və oxumağa başladı.
“Aytən, əzizim, gözümün nuru, məni bağışla, sənin ad günündə üzrlü səbəbə görə iştirak edə bilməyəcəyəm. Iki gündür nazirlikdən idarəmizə nümayəndə heyəti gəlib. Idarəmizdə yoxlama işləri aparırlar. Yəqin onlar işlərini on günə bitirərlər. Yoxlama qurtaran kimi icazə alıb gələcəyəm. Darıxma mənimçün. Ad gününü də təbrik edirəm. O gün olsun, 50 yaşını, 100 yaşını birlikdə qeyd edək. Hələlik bu qədər. Sağ ol. Öpürəm səni.
Səni dünyalar qədər sevən Şahin”.
Aytən məktubu qatlayıb zərfin içinə qoydu. Zərfi öpdü və balışı qaldırıb onun altında gizlətdi. Dərindən ah çəkib Şahinsiz keçən nişanını xatırladı. Nişanlanandan bəri Şahin ona cəmi üçcə dəfə baş çəkmişdi. Həmin vaxtlarda da Aytən Şahinə istədiyi qədər tamaşa edə, onunla doyunca söhbətləşə bilməmişdi. Fikirləşirdi ki, heç olmasa bu dəfə Şahinlə iki-üç gün bir yerdə olar, gəzməyə çıxar, onun isti nəfəsini duyar, titrək əllərinin nəvazişini hiss edər, xoş sözlərini eşidər, şirin-şirin söhbətlərini dinləyər… Amma Şahin yenə gələ bilməmişdi. Aytən bir daha dərindən ah çəkib öz-özünə pıçıldadı:
– Bu əlamətdar günümdə sən yanımda, mənimlə yanaşı olmalıydın, Şahin. Ancaq təəssüf, mənim bu arzumu ürəyimdə qoydun.
O, dərindən köks ötürdü. Yanıqlı bir ah nidası eşidildi. Aytən otağını tərk edib mətbəxə keçdi.

***
Şahinin həm baş mühəndis vəzifəsinə yüksəlməsi, həm də Aytənin ad günündə iştirak etməməsi xəbəri ildırım sürətiylə bütün kəndə yayıldı. Onun ad günündə iştirak etməməsini hərə bir cür yozdu. Kimisi dedi ki, Şahin neyləsin, problemləri o qədər çoxalıb, ad günü yadına da düşmür. Kimisi də başladı ki, əşşi, nə iş, nə problem, Şahinin eyş-işrətdən başı açılmır, şəhərdə gündə bir qızla gəzir, kefi kök, damağı çağ günlərini keçirdir, ömrünü sürür. Aytənlə də gözdən pərdə asmaq üçün nişanlanıb.
Kənd adamlarından deyilənlərə inanan da oldu, inanmayan da. Rəfiqələri Şahin haqqında eşitdikləri söz-söhbətləri Aytənə çatdıranda o, rəfiqələrinə dedi:
– Inanmayın, ay qızlar. Bunların hamısı böhtandı, iftiradı. Bəyənmədiyim oğlanlar, məni istəməyənlər mənə də, Şahinə də qara yaxmağa, adımızı ləkələməyə çalışırlar…
Üç gündən sonra poçtalyon Əli kişi Aytənə bir zərf verdi. Bakıdan göndərilmişdi. Zərfin üstünə onun ünvanı və “Bakı şəhəri” sözləri yazılmışdı. Aytən otağına keçdi, zərfi açdı. Zərfdən məktubu çıxardanda onun arasındakı şəkil döşəmənin üstünə düşdü. Aytən əyilib şəkli götürdü. Gözləri ona sataşanda yerində qurudu. Şəkildə iki qız Şahinin qoluna girmişdi. Aytən qatlanmış məktubu açdı. Kompüterdə yazılmış məktub imzasız idi. Onu oxumağa başladı.
“Aytən, bilirəm, şəklə görə Şahini qınayacaqsan, qısqanacaqsan. Haqlısan. Şahin səni sevmir. Şəhərdə səndən xəbərsiz gündə bir qıza könül verir. Hər gün qızlarla bara, restorana gedir, qazandığı pulları onlara xərcləyir. Aytən, mənim sənə yazığım gəlir. Mən istəmirəm sən bədbəxt olasan. Şahin sənin məhəbbətinə layiq oğlan deyil. Məsləhət görürəm ki, ondan ayrılasan, başqasıyla ailə qurasan. Əgər sən Şahindən ayrılsan, xoşbəxt olacaqsan. Sənə ailə səadəti, xoşbəxtlik arzu edirəm”.
Aytən məktubu təkrar oxudu. Gözlərinə qaranlıq çökdü. Otaq başına fırlandı. Dizi üstə çökdü.
– Deməli, mən yanılmışam. Şahinin haqqında deyilənlər doğru imiş. Yaxşı, Şahin, eybi yox, görünür, sən məni hələ yaxşı tanımırsan. Sən Şahin ol, mən də Aytən, görək axırda kim peşman olacaq. Borclu borclunun sağlığını istər.

***

Üç gündən sonra Aytəngilə qonaq gəlmiş Ceyhun qardaşı Şahinin məktubunu ona verdi. Aytən məktuba ötəri nəzər saldı.
“Aytən, əzizim, məni bağışla, işlərimin çoxluğu ilə əlaqədar olaraq rayona gec gələcəyəm. Darıxma. Öpürəm səni.
Sənin Şahinin”.
Aytən məktubu oxuyub hiddətləndi.
– Ay alçaq, məktublarınla mənim başımı aldada bilməyəcəksən. Yaxşı, mən sənin başına bir oyun açım, özün də mənə afərin deyəsən.
Ceyhun Aytənin dediklərini eşitsə də, reaksiya vermədi. Aytən Şahinin məktubuna cavab yazmağa başladı.
“Şahin, mən səni belə bilməzdim. Mən elə bilirdim ki, sən məni ürəkdən sevirsən, hər dəqiqə mənsiz darıxırsan, amma yanılmışam. Mən burda səbirsizliklə sənin yolunu, sənin gəlişini gözləyirəm. Amma sən orada qızlarla kefdəsən, yadına düşmürəm. Ay alçaq, gəzdiyin qızlardan hansı məndən artıqdır? Əgər məni sevmirdinsə, niyə mənimlə nişanlanırdın? Sənə üç gün vaxt verirəm. Təcili rayona gəl. Nişanı qaytarıram.
Məhəbbətinə layiq bilmədiyin Aytən”.
… Şahin Aytənin məktubunu oxuyub bir şey anlamadı. Telmanla görüşdü. Vəziyyəti dostuna danışdı, məktubu ona oxutdu.
– Aytənin məktubundan baş aça bilmədim, Telman. Aytən hansı qızlardan danışır, məni kimə qısqanır?
– Xəbərim yoxdu, Şahin. Ancaq belə fikirləşirəm ki, vəziyyət gərgindir. Rayona getməyin məsləhətdir.
…Günortadan xeyli keçmiş qapı döyüldü. Aytənin anası Bənövşə qapını açdı. Şahini görüb sevindi, onun boynunu qucaqlayıb üzündən öpdü.
– Xoş gəlmisən, ay oğul, həmişə sən gələsən, keç içəri.
– Xoş gününü görək, Bənövşə xala, Aytən evdədir?
– Evdədir, bala. Aytən, ay Aytən, Şahin gəlib…
Aytəndən səs eşidilmədi.
– Aytən otağındadır. Sən keç otağa. Mən indi çay-çörək hazırlayaram.
Şahin ayaqqabılarını bir küncə qoyub əlində tutduğu gül buketinin qırışlarını düzəltdi. Aytənin otağına yaxınlaşıb qapını döydü. Səs eşidilmədi. Qapını açdı. Pəncərənin qarşısında dayanmış Aytən əllərini qoynunda qoşalaşdırıb həyətə baxırdı.
– Gəlmək olar?
Aytən geriyə çevrildi. Şahini görüb susdu. Şahin asta addımlarla, tərəddüd içində ona yaxınlaşıb saçlarından öpmək istədi. Aytən geri çəkildi. Nişanlandıqları bir il ərzində ilk dəfəydi ki, Aytən Şahinə ona yaxınlaşmağa icazə vermədi. Şahinin rəngi tutuldu. Əlindəki gül buketini ona sarı uzatdı. Aytən buketi alıb açıq pəncərədən həyətə tulladı.
– Başa düşə bilmirəm, Aytən, məndən niyə incimisən, niyə üz döndərmisən? Axı sənə neyləmişəm?
– Sən yalançısan, Şahin. Həmişə məni aldatmısan, mənə xəyanət etmisən.
– Yalandı, Aytən, inanma ara söhbətlərinə. Bunların hamısı münasibətlərimizi korlamağa, bizi ayırmağa çalışanların fırıldaqlarıdı. Uşaq deyilsən, niyə hər sözə inanırsan? Məgər sən bilmirsən ki, mən səni nə qədər sevirəm…
– Bilirəm, Şahin, hər şeyi yaxşı bilirəm. Elə məni saf məhəbbətlə sevdiyin üçün gündə bir əxlaqsızla gəzirsən, onlarla qol-qola şəkil də çəkdirirsən.
– Ola bilməz, Aytən. Sən nə danışdığını bilirsən?
– Deyirsən, ola bilməz. Inanım sənə?
– Bəli, sənin əziz canınçün doğru sözümdür.
– Ax, ay alçaq, bəs bu şəklə sözün nədi?
O, imzasız məktubu və şəkli balışın altında gizlətdiyi yerdən çıxartdı. Onları hirslə stolun üstünə çırpdı. Şahin şəklə baxıb duruxdu.
– Bu şəklin nə vaxt çəkildiyini xatırlamıram. Ancaq Aytən, xahiş edirəm, bu qızlar barədə pis fikrə düşməyəsən. Bunlar mənim iş yoldaşlarımdır. Onlar mənə bacıdan da artıq olublar. Maraqlıdır, bu şəkli kim çəkib, harda çəkib, mənim bundan xəbərim olmayıb.
Aytən ağlamsındı.
– Məktubu da oxu. Sənin haqqında xoş sözlər yazılıb.
Şahin məktubu oxudu. Özünü itirdi.
– Inanma, Aytən. Əgər yazılanlar doğru olsaydı, əllə yazılardı, imza qoyulardı. Amma bu məktub kompüterdə yazılıb, müəllifin adı da qeyd olunmayıb.
– Əbəs zəhmət çəkib özünü yorma, Şahin. Hər şey mənə aydındır. Qardaşın Ceyhun mənə hər şeyi danışıb, məktubda yazılanları təsdiqləyib. Mən bilirəm, Telmanın da, mənim də ad günümüzə gəzdiyin qızlara görə gəlməmişdin, onlarla görüşün daha vacibiydi.
Şahin Ceyhunun adını eşidəndə qanı lap qaraldı. Fikrə getdi. Qardaşının idarələrində oğurluq etdiyini, qonşu sexdə işləyən Gülbənizi zorlamaq istədiyini xatırladı. Şahinə görə ondan şikayət edən olmamışdı, amma işdən qovmuşdular. Ceyhun qardaşından xahiş etmişdi ki, işlədiyi idarədə ona babat bir vəzifə versin. Ancaq Şahin onun fikrinə etiraz etmişdi. Qorxurdu ki, Ceyhun onun adına ləkə gətirəcək hərəkət edər. O da Şahindən incimişdi. Elə həmin gündən də qardaşının qarasınca danışmağa, kölgəsini qılınclamağa başlamışdı. Şahin fikirli-fikirli nə edəcəyini bilmirdi. Nəhayət qardaşı barədə bir kəlmə də olsun danışmamağa qərar verdi və dedi:
– Aytən, qurban olum, elə demə. Mən səndən gizlin saxlamaq istəyirdim, amma indi bu sirrimi açmağa məcburam. Mənim nişan üzüyüm sındığına görə Telmanın ad günündə iştirak edə bilmədim. Inanmırsansa, buyur bax.
O, sınmış üzüyü barmağından çıxarıb Aytənə sarı uzatdı. Aytən üzüyün sınıq yerinə baxdı.
– Yaxşı bəhanə tapmısan, üzüyüm sınıb. Başqa bəhanə tapa bilməzdin?
– Aytən…
– Daha bəsdir, Şahin. Sən mənim sənə, insanlara olan inamımı məhv etdin, məni dirigözlü ölümə sürüklədin. Get, hazırlaş, nişanı qaytarıram.
– Aytən, axı…
– Gedə bilərsən. Üzüyün məndə qalacaq. Xoş gəldin…
Aytənin və Şahinin valideynləri, qohum-əqrəbaları Aytənin nişanı qaytarmaq tələbinə etiraz etdilər. Aytəni dəstəkləyən yeganə adam Ceyhun oldu. Aytən iki ayağını bir başmağa dirəyib tələbindən əl çəkmədi.
– Açın qulaqlarınızı, yaxşı eşidin. Mən Şahinə nifrət edirəm. Nişan qaytarılmalıdır. Vəssalam…
Vəziyyətdən hali olan Telman Aytənin könlünü almaq, onu Şahinlə barışdırmaq üçün əmisigilə gəlmiş, əmisiqızıyla saatlarla söhbət etmiş, onu dilə tutmuş, ancaq bir nəticə əldə edə bilməmiş, kor-peşman Bakıya qayıdaraq vəziyyəti Şahinə danışmışdı.
Aytən Şahinin Telmandan ona göndərdiyi məktubu gecəyarı, evdəkilər yatandan sonra çarpayısında uzanıb oxumağa başladı.
“Aytən, əgər ürəyində mənə qarşı olan kin-küdurətini, mənə bəslədiyin nifrətini azacıq məhəbbətlə əvəz edə bilsən, məni əvvəlkitək sevə bilsən, mən yenə sənin yanına qayıdacağam, həmişə səninlə olacağam, həmişəlik sənin olacağam. Əgər əksinə, məni öz məhəbbətinə layiq bilmirsənsə, onda məni birdəfəlik unut, həmişəlik yaddan çıxart. Onsuz da nişan üzüyüm – sınmış bəxt üzüyüm səndədir. Yaxşı-yaxşı fikirləş, ya sev, məni qəbul et, ya da ayrılaq.
Cavabını səbirsizliklə gözləyirəm.
Bədbəxt nişanlın Şahin.”
Aytən fikrə getdi. Telmanın Şahin haqqında dedikləri yadına düşdü. Bəlkə elə Şahin haqlıdır, ona böhtan atırlar? Bəs şəklə, məktuba nə desin? Beynindən ani olaraq keçirtdi ki, Bakıda təhsil alan rəfiqəsi Nigarla görüşsün, onu hadisədən xəbardar etsin, hər şeyi yoxlatsın.
Nigar Aytənin ən yaxın rəfiqələrindən idi. Üç il idi Bakı Dövlət Universitetində təhsil alırdı. Həm də bu yaxınlarda o, Ceyhunla nişanlanmalıydı.
Ertəsi gün Aytən Nigarla görüşüb vəziyyəti rəfiqəsinə danışdı. Şahin haqqında deyilənləri yoxlamağı ondan xahiş etdi.
Üç gündən sonra Nigar təcili kəndə qayıtmış, Aytəngilə gəlmişdi.
– Nigar, bir şey öyrənə bildinmi?
Nigar ah çəkdi.
– Öyrəndim, Aytən, hamısını öyrəndim. Doğrudan da Şahin günahsız imiş. Onun heç nədən xəbəri yoxuymuş. Imzasız məktubu da, şəkli də sənə qaynın Ceyhun göndəribmiş. O alçaq istəyirmiş ki, sizi ayırsın. Ona görə də həmin şəkli gizlicə çəkib, məktubu da kompüterdə yazıb ki, heç kim bilməsin.
Nigar doluxsunmuş gözlərini dəsmalı ilə silib sözünə davam etdi.
– Bakıya çatdığım gün Ceyhunla görüşdüm. Toydan gəlmişdi. Içkili idi. Səndən, Şahindən söhbət saldım. Hirsləndi. Dişinin dibindən çıxanı Şahinin arxasınca dedi. Birdən dilindən qaçırtdı ki, sənə imzasız məktub, şəkil göndərib. Üzünə tüpürdüm. Oradan birbaşa Şahinin işlədiyi idarəyə getdim. Şahini tapa bilmədim. Dedilər Şahin xəstədir, üç gündür işə çıxmır. Şəklini göstərdiyin qızları tapdım. Onlar başqa iş yoldaşlarına nişanlıymışlar. Ceyhun onların şəkillərini çəkən günü hər iki qızın nişanlısı işləri çox olduğundan qızları evlərinə ötürə bilməyiblər. Onlar Şahindən xahiş ediblər ki, qızları evlərinə ötürsün. Şahin də etiraz etməyib. Sən demə, qardaşının paxıllığını çəkən Ceyhun bəd niyyətini həyata keçirmək üçün hər gün Şahini güdürmüş. Elə həmin günü onu qızlarla birlikdə görüb, onların şəklini gizlicə çəkib, imzasız məktubla sənə göndərib. Şahinin iş yoldaşları ilə xeyli söhbətləşdim. Idarədə onun xətrini istəməyən adam yoxdur. Hamı onun başına and içir. Iş yoldaşları dedilər ki, nədənsə Şahin son zamanlar yaman sınıxıb, elə hey fikirli-fikirli gəzib-dolanır.
Nigar ah çəkib sözünə davam etdi.
– Şahinin iş yoldaşlarından öyrəndim ki, sən demə, Ceyhun, o alçaq, idarədə tez-tez oğurluq edirmiş. Hələ bir dəfə qonşu sexdə işləyən Gülbənizi zorlamaq istəyib. Şahinə görə ondan şikayət etməyiblər. Amma idarədən qovublar. O, qardaşından yağlı bir vəzifə istəyib. Şahin də etiraz edib. Elə həmin vaxtdan bəri qardaşının adına ləkə gətirməyə, onu gözdən salmağa çalışıb. Sənin yanına da bundan ötrü gəlibmiş ki, aranızı vursun, səni nişanlından ayırsın.
Nigarın gözləri dolmuşdu. Ağlamsına-ağlamsına Aytənin boynunu qucaqladı.
– Aytən, Şahin səni çox sevir. Onun sevgisinə inan. Ayrılıq ona böyük zərbə vura bilər. Allah eləməmiş, dilim-ağzım qurusun, onun başına bir iş gələ bilər. Hazırlaş, sabah gedək Bakıya. Şahini tapaq. Barış onunla. Yoxsa sənin dərdin onun qəlbini üzə bilər.

***

Telman Şahinin kirayə qaldığı evin qapısını döyəndə qapını evin sahibəsi açdı.
– Salam, Münəvvər xala, Şahin evdədir?
– Xeyr, oğlum, Şahin iki gündür evə gəlmir.
– Münəvvər xala, Şahin hara getmiş olar?
– Bilmirəm, oğlum, Şahin bir aydan çoxdur yaman fikirli görünür. Gedəndə mənə bir söz demədi.
Telman kövrəlmiş Aytənə baxdı. Susdu. Onlar ev sahibəsi ilə xudahafizləşib küçəyə çıxanda Aytən ağladı.
– Ağlama, Aytən, gedək Şahingilin idarəsinə. Ondan bir xəbər tutaq.
Onlar idarəyə gəldilər. Telman növbətçiyə yaxınlaşdı.
– Salam, bağışlayın, Şahin Rəhimli burdadır?
– Xeyr, yoldaş Rəhimli beş dəqiqə olar idarədən çıxdı.
– Hara getdiyini demədi?
– Xeyr, ancaq maşınına əyləşmədi. Bu yolla piyada üzüaşağı getdi.
Telmangil növbətçiylə sağollaşıb onun istiqamət verdiyi yolla addımladılar. Birdən Aytən sevincək qışqırdı.
– Telman, ora bax, ora bax, Şahin keçidin qırağındadır.
Telman da Şahini gördü. Aytən Şahini səslədi.
– Şahin, ay Şahin.
Şahin adını eşidib geriyə döndü. Telmangilə sarı baxdı. Aytən ona əl edəndə Şahin iti addımlarla yolu keçmək istədi və elə bu zaman asfalt yolda sürətlə şütüyən avtomobillə toqquşdu. Zərbə onu yolun kənarına atdı. Telmanla Aytən yüyürüb ona çatanda Şahin al-qanın içində idi. Aytən nişanlısının başını qolları arasına aldı. Şahinin gözləri yumulmuşdu. Güclə nəfəs alırdı.
– Şahin, aç gözlərini, mənəm, sənin bədbəxt nişanlın, aç gözlərini, yalvarıram.
Şahin gözlərini ağır-ağır açdı.
– Ağlama, Aytən, sənə göz yaşları yaraşmır.
Susdu. Sözlərinə fasilə verdi.
– Aytən, dünyada ən böyük xoşbəxtlik odur ki, sevgilinin qolları arasında öləsən. Mən xoşbəxtəm, mən…
Şahin sözlərini tamamlaya bilmədi. Gözləri əbədi yumuldu.
– Şahin, yalvarıram, ölmə. Mən sənsiz yaşaya bilmərəm, Şahin. Qurban olum, aç gözlərini.
Aytən Şahinin başını sinəsinə sıxıb hönkür-hönkür ağlamağa başladı. Və birdən tükürpədici səslə “Şahin” deyə qışqıran Aytənin səsi qəfil kəsildi. Torpağa çökdü. Başı Şahinin sinəsinə əyildi. Gözləri həmişəlik qapandı…

TƏBRİZ VƏFALI

Kateqoriyalar: SADƏCƏ DAXİL OLUN
  1. Dekabr 27, 2011 tarixində, saat 2:52 axşam

    maraqlidir,ama indi bele sevgi yoxdur,aytenin yerine olsam mende mektuba inanardim,sahin kimi oglanlar sadece kitabda romanda olur,realda yox.

    • nazli
      Aprel 16, 2012 tarixində, saat 7:08 axşam

      he bacim duz deyirsen indiki oglanlara inam qalmayib teki bizim qarwimiza sahin kimi oglan cixarsin allah AMIN

  2. Mart 4, 2012 tarixində, saat 2:58 axşam

    super xowuma geldi bele sevgi gormemiwem

  3. nazli
    Aprel 16, 2012 tarixində, saat 7:03 axşam

    cox gozel bir hekayedir men bu hekayenin her cumlesini oxuduqca gozumden iri damlalar tokulurdu allah hec kese bele sevgi gorsetmesin cox aci cekdim oxuyanda sevdiyim oglan yadima duwdu

  4. nazli
    Aprel 16, 2012 tarixində, saat 7:06 axşam

    allah hamini sevdiyine qovuwdursun insan sevgisiz hecnedir menimde bir sevdiyim var onu cox sevirem.ALLAHDAN bir tek isteyim budurki meni sevdiyime qovuwdursun AMIN ve bawqa insanlarida sevgi saf temiz gozel duygudur gerek yawaya bilesen!her insana sevgi qismet olmur

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma