Əsas səhifə > MƏDƏNİYYƏT > BİZİM TELEKANALLAR

BİZİM TELEKANALLAR

Bu gün hamımızın istifadə etdiyi televiziya adlı cihaz insan ağlı sayəsində ərsəyə gəlmiş elmi inkişafın bir nümunəsidir. Televiziyanın bu günümüzdə olan təsiri inkaredilməzdir. Kütləvi cəmiyyət efirə gedən verlişlərlə əylənir, xəbərləri ilə ölkə və dünya vəziyyətindən agah olurlar…Şübhəsiz, bu yolla insanlardan ibarət olan cəmiyyətin kütləvi savadsızlığının qarşısını almaq və onları maarifləndirmək bu günümüzdə ən münasib bir vasitə sayılır. Telekanallar vasitəsilə insan ağlı və şüurunu dirçəltməyin ən doğru və münasib bir vasitə olduğunu desək, yanılmarıq.Biz inanmalıyıq ki, bu gün televizya kanallarının uşaqlar, yeniyetmələr və gənclər üzərində olan təsiri onların valideynlərinin təsirindən qat-qat güclüdür.Ölkəmizdə bir necə dövlət və özəl telekanal fəaliyyət göstərir və demək olar ki, hər birinin özünəməxsus tamaşaçısı var. Amma həmin telekanalların bir çoxunda müşahidə etdiyimiz müəyyən nöqsanlar həqiqətən də, nigaranlıq doğurur.Bir müddət öncə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bununla bağlı mediada tənqidi məqalə ilə çıxış etdi və ondan sonra telekanallarda müəyyən dəyişikliklərin şahidi olduq. Həqiqətən də, bu tənqid telekanallarımızda olan inkaredilməz problemlərdən xəbər verirdi…Əfsuslar olsun ki, xalqımız arasında yalnız tənqidçi yönümlü çıxış etmək və müsbət xüsusiyyətləri nəzərə almamaq bir adətə çevrilib. Hamı tənqidçi olmaq, səhv tutmağa çalışır.Amma bir yazar kimi bu məqalə ilə həmin adamlardan olmaq istəmir, əslində telekanallarda mövcud olan müsbət xüsusiyyətləri görməklə yanaşı, bəzi çatışmamazlıqları onların həll yolları ilə birgə telekanalların möhtərəm rəhbərlərinə çatdırmaq əzmindəyəm. Deməli, bu yazıda mülahizə etdikləriniz telekanallarımızda olan bəzi nöqsanlar və onların haqqında olan mülahizələrimizdir:
   
   1. İnsanların hörmət və şərəfi;
   
   Dünyanın hər bir ölkəsində olduğu kimi bizim ölkəmizdə də, müxtəlif cinayət hadisələri baş verir və həmin hadisələri telekanallarda görürük.
   
   Telekanallarımızın bununla bağlı əsas nöqsanlarından biri hər hansı bir cinayətə görə saxlanılmış şəxsi olduğu kimi efirdə göstərməsi və xalqa nümayiş etdirməsidir.
   
   Halbuki, görülmüş hər hansı bir cinayət işi üçün cinayət məcəlləsində təyin edilmiş xüsusi cəza tədbirləri var və bu qəbil şəxslər öz cəzasını çəkdikdən sonra cəmiyyətə qayıdıb, öz həyatını davam etdirməlidir. Onların gördüyü cinayət işə görə telekanallarda nümayiş etdirilməsi isə onların hörməti və şərəfini puça çıxarır və belələrinin gələcəkdə əsil vətəndaş olmasına mane olur. Bu, nə qanun baxımından nə də, müqəddəs dinimizlə müvafiq deyil. Qurani-Kərim dini və irqindən asılı olmayaraq hər bir insanın şərəf və hörməti barədə belə buyurur: “Biz, həqiqətən də, Adəm övladını şərəfli və hörmətli elədik…” (“İsra” surəsi, ayə: 70.)
   
   Azərbaycan Respublikası Konstitusiyasınının 46-cı maddəsinin (şərəf və ləyaqətin müdafiəsi hüququ) II-ci bəndində isə belə deyilir: “Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçalmasına əsas verə bilməz.”
   
   Təəssüfedici məsələ budur ki, məsələn bəzi vaxtlar kiçik bir oğruluq hadisəsi üçün saxlanılmış şəxs zərər çəkən şəxs tərəfindən çox ağır tərzdə təhqir edilir və həmin kadrlar heç bir senzura edilmədən efirə gedir.
   
   Bir misal deyim: Yeni il ərəfəsində azyaşlı bir uşaq paytaxtda qurulmuş yolka ağacının bəzəklərini oğurlayıb satdıqdan sonra polis tərəfindən yaxalanmışdı… Həmin uşağın bəzi telekanallarda xalqa nümayiş etdirilməsi, hətta şəxsiyyət vəsiqəsinin belə göstərilməsi həmin yeniyetmənin gələcək həyatını məhv etmək deyilmi?
   
   Telekanallardan efirə gedən bu qəbil səhnələrin digər insanlar üçün ibrət dərsi olması fikirində olanlar unutmamalıdır ki, bir insanın hörməti və şərəfi naminə digər insanların ibrət dərsi alması fikiri heç də, müsbət iş sayılmır. Əslində digər insanların ibrət götürməsi üçün onları düzgün tərzdə maarifləndirmək məsləhət görülür. Əlbəttə, çox ağır cinayətlərə əl atanların və dəfələrlə cinayət törədən şəxslərin müəyyən senzuralarla olduğu kimi efirə verilməsi bəlkə də, nöqsansızdır. Lakin hər hansı bir qanunsuzluq ucbatından, xüsusilə də, qanunsuz hərəkətinə görə ilk dəfə olaraq saxlanılmış şəxsin telekanallarda efirə verilməsi və bununla da, onun hörmət və şərəfini aradan aparmaq münasib və faydalı bir iş sayıla bilməz.
   
   2. Dini maarifləndirmə;
   
   Əfsuslar olsun ki, bu gün doğma vətənimizdə səlahiyyətli din alimləri sayca çox azdır. Onlar ya xalq təbəqələrinin geniş istifadə etdiyi telekanallara çıxmır, yaxud çox az hallarda televiziya verlişlərində zahir olurlar. Nəticə etibarı ilə xalqımız istər-istəməz dini maarifini bəzi səlahiyyətsiz şəxslərdən almalıdır!
   
   Həyatda müxtəlif qeyri-adi hadisələr baş verir, ən azı bəzi hadisələr xalq kütləsi üçün qeyri-adi sayıla bilər. Məsələn fəsillərin dəyişməsi ilə əlaqədar təbii olaraq bir ildə hansısa bir zonada ağacın il ərzində iki dəfə gül açıb, meyvə verməsi, ucqar bir kənddə doğulmuş heyvanın başında ürək formasında rəngli bir əlamətin olması, hansısa qədim bir qəbristanlıqda olan iki başdaşın əyilib bir-birinə yaxınlaşması və s.
   
   Bunlar xalq üçün qeyri-adi olsa da, olduqca təbii hadisələrdir. Amma bəzi telakanallar həmin hadisələri şərh edərkən din xadimlərinin nəzərini bilmək üçün hələ möcüzənin nə olduğunu bilməyən müəyyən adamlardan müsahibə götürür, onlar da: “Bəs bu möcüzə deyil, nədir?” deyə xalqı yaxşıca maarifləndirirlər!
   
   Bəzən isə olduqca aktual və mühüm sayılan mövzuların çözülməsində hələlik öz danışıq qabiliyyətini öyrənə bilməmiş və İslam dini barədə hərtərəfli məlumatı olmayan bəzi “ilahiyyatçı”lar verlişə dəvət edilir!
   
   Halbuki, telekanalların xalq üzərində olan mühüm təsirini nəzərə alıb, bu kimi mövzularda ziyalı və düçüncəli din xadimlərinə müraciət etmək daha məqsədəuyğun sayılır.
   
   3. Verlişlərin yaş həddinin təyin edilməməsi;
   
   Bir çox inkişaf etmiş ölkələrin telekanallarında efirə verilən verlişlərdən (film, müsabiqə və s.) öncə onların hansı yaş həddinə uyğun olduğu, hətta, verlişin bir sıra digər xüsusiyyətləri də, müəyyən əlamətlərlə tamaşaçılara bildirilir.
   
   Lakin bizim telekanallarımızda vəziyyət tam fərqlidir. Sanki efirə verilən bütün verlişlər bütün yaş hədləri üçün nəzərdə tutulub və hamı bir nəfər kimi bu qəbil “universal” verlişlərdən istifadə edə bilər! Bu isə zaman ötdükcə öz mənfi təsirlərini göstərir. Odur ki, efirə gedən verlişlərdən öncə verliş barədə müəyyən əlamətlərlə məlumat vermək daha yaxşı olardı.
   
   4. Ziddiyyətli məqamlar;
   
   Telekanallarımızda mövcud olan nöqsanlardan biri də, onlardan bəzisində müşahidə edilən ziddiyyətlərdir. Məsələn müəyyən bir telekanal efirə verdiyi ən baxımlı bir verlişdə “falçılıq”, “cadu” və “ekstrasens”liyi ciddi və həm də, elmi tərzdə tənqid edir, xalqı onlara aldanmamağa çağırır. Lakin həmin telekanalın digər verlişində məsələn dünən və ya bir neçə saat öncə xalqı xurafata tərəf yönəltdiyi üçün ciddi tənqid edilən filan ekstrasens və ya falabaxan müəyyən bir verlişə dəvət edilir və ya şəxsi həyatı barədə xüsusi verliş hazırlanıb, xalqa təqdim edilir!
   
   Həmçinin, ulduz falı, bürc proqnozları və s. barədə xüsusi verlişlər efirə gedir, bu sahənin qabaqcıllarından müəyyən mövzular barədə müsahibələr, fikir açıqlamaları alınır! Bu isə həmin televiziya kanallarında müxtəlif mövzularla bağlı vahid siyasətin olmadığından irəli gəlir. Bununla bağlı telekanallarımızda vahid fikir və siyasət əsasında hərəkət etmək daha səmərəli ola bilər.
   
   5. Xarici seriallar;
   
   Telekanallarımızın (xüsusilə də, özəl telekanalların) digər mühüm nöqsanlarından biri də, həmin telekanalların bir qismində bəzi xarici, xüsusilə də, latın amerikasının istehsalı olan teleserialların ardıcıl şəkildə dublaj edilməsi və efirə verilməsidir.
   
   Vətənini və mədəniyyətini sevən bir vətəndaş kimi inanıram ki, bu qəbil seriallar xalq kütləsi üçün faydalı deyil, əksinə bir sıra sahələrdə xalqın mədəniyyəti və mənəviyyatına ciddi tərzdə mənfi təsirləri var.
   
   Bu kimi teleseriallar xalqın geyim forması, gündəlik davranışı və həyata olan baxışını dəyişdirir və bəzi hallarda acınacaqlı hadisələrlə nəticələnir. Onsuz da, hər şey göz qabağındadır. Bu məsələ o qədər inkaredilməzdir ki, hətta, son zamanlar bəzi ziyalılarımız da, müəyyən etirzlarını bildirirlər.
   
   Bir müddət öncə ana dilimizin qorunması hədəfi ilə əcnəbi dilərində olan bütün verlişlərin (film və s.) ölkəmizdə yayımlanmasına qadağa qoyuldu. Mənə elə gəlir ki, bu, çox gözəl bir addım idi. Amma görəsən, mədəniyyətimizi, milli və dini dəyərlərimizi qorumaq üçün nə vaxt əsaslı addım atacağıq?

  1. İyul 9, 2011 tarixində, saat 11:40 səhər

    Xalid,men Shexsen beyenmirem🙂 verlilisler basdan ayaga plagiat ve kserksdir🙂

    • İyul 9, 2011 tarixində, saat 12:39 axşam

      raziyam,Refale.buna sebeb say azligi deyil.sadece mutexessis azligidi.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma