Əsas səhifə > AZƏRBAYCAN, SADƏCƏ DAXİL OLUN > ŞƏHİDLİK ZİRVƏSİ

ŞƏHİDLİK ZİRVƏSİ

Mən ÇİNGİZ MUSTAFAYEVİ, MÜBARİZ İBRAHİMOVU bir dəfə də olsun görməmişəm. Və heç vaxt da görməyəcəyəm. Amma ONLARI tanıyıram! Və ömrümün sonuna qədər də unutmayacağam!.. ONLAR QƏHRƏMANDIR! Amma filmlərdə gördüyümüz, yaxud haqqında kitablarda oxuduğumuz o uzaq illərdəki müharibələrin qəhrəmanlarından deyil. Bizim dövrümüzə təsadüf edən və ölkəmizin zorla cəlb edildiyi bir savaşda – buna VƏTƏN SAVAŞI deyərlər – Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşə atılan igidlərdir! ONLARIN adının qarşısında çox şərəfli və hər kəsin qazana bilməyəcəyi bir təqdimat da var: AZƏRBYCANIN MILLI QƏHRƏMANI…
…Şəhidlər Xiyabanına tez-tez gedirəm. Uşaq vaxtı qardaşımla məni atam aparardı ora. Əlimizdən tutub bizə ONLARDAN danışardı, bizə ONLARI tanıdardı. QƏHRƏMANLARI… İndi böyümüşük – özümüz gedirik…
Çingiz və Mübariz mənim üçün fərqli qəhrəmanlardır! Qeyrət, cəsarət, igidlik, məğrurluq simvolu saydığım bu oğullar Azərbaycanın ən yeni tarixinin QƏHRƏMANLARI sırasındadır. ONLAR müasirlərimiz olub. Bizim üçün onların qəhrəmanlıq göstərdiyi “meydan” və zaman çox uzaqda deyil…
…Qarabağ mənim əcdadlarımın, ulu babalarımın yurdudur. Çingiz Mustafayev Qarabağda doğulmayıb. Bakıda anadan olub, Bakıda yaşayıb. Birinci Qarabağ müharibəsi başlayanda paytaxtdakı ev-eşiyini, iş-gücünü qoyub könüllü cəbhəyə yollanıb, ən qaynar nöqtələrə üz tutub. Belə deyək, rahat həyatına “əlvida” deyərək özünü od-alovun, ən gərgin döyüşlərin cənginə atıb, həm də bilə-bilə ki, getdiyi bu yolda ölüm onu hər an yaxalaya bilər. Bu, sözün əsl mənasında, VƏTƏN SEVGİSİ idi! O, Vətənin ən çətin günündə meydana atılıb…
…Çingizin bioqrafiyasını oxuyuram. Ali təhsilli həkim olub. Lakin qaynar təbiəti, fəallığı, novatorluğu ilə bir yerə qapanıb qalmayıb. “Cəngi birliyi” yaradıb, gənclərin liderinə çevrilib. Müharibə başlayanda jurnalistikaya üz tutub, reportyorluq edib, informasiya blokadasında olan Azərbaycanın həqiqətlərini dünyaya çatdırıb. Xocalının günahsız qurbanlarını bütün dünyaya göstərib…
…Xocalı. Bu sözü eşidən kimi göz önünə müharibə, məhv edilmiş şəhər, amansızlıqla qətlə yetirilmiş insanlar gəlir. Göz önünə, həm də Çingiz Mustafayev gəlir. O, əlindəki kamerası ilə ilk dəfə Xocalı qətliamının ən dəhşətli, ən ağrılı görüntülərini çəkib, zaman-zaman tarix qarşısında heç nə ilə gizlədilə bilməyən bir cinayəti, yerə-göyə sığmayan bir xəyanəti, qanlı bir müsibəti hönkürə-hönkürə, göz yaşının dumanında lentin yaddaşına köçürüb, erməni vəhşiliyini, erməni qaniçənliyini bütün dünyaya sübut edib, Vətəninə göz dikən qəddar, hiyləgər düşməni ifşa edib, Ermənistanı xar edib. Budur VƏTƏNPƏRVƏRLİK. Sözdə yox, əməldə…
Yeri gəlmişkən… Xocalı soyqırımı vaxtı biz ailəliklə Ağdamda olmuşuq. Mən uşaq olmuşam – bir yaş yarımlıq. Bu yaşda uşağın həmin hadisələri xatırlaması inandırıcı olmaz. Heç mən də xatırlamıram. Qardaşım isə Xocalı faciəsindən 5 gün sonra anadan olub. Anam deyir ki, o gecə bütün Ağdam ayaq üstə idi. Səhəri günü isə Ağdam məscidi meyitlə dolmuşdu. Məscidin qarşısında iynə atsan, yerə düşməzdi. İnsanlar nə edəcəklərini bilmirdilər: qadınlar ağlaşırdılar, kişilər qəzəbdən, hiddətdən boğulurdular. Həmin vaxt Ağdam özü də aramsız atəşə tutulurdu…
Böyüyəndən sonra, dediyim kimi, valideynlərimdən eşitdim, müəllimlərimdən öyrəndim, kitablarda oxudum, filmlərdə, Çingizin çəkdiyi kadrlarda gördüm Xocalı dəhşətlərini…
Orta məktəbdə oxuyanda hər il fevral ayının 26-da “Xocalı dərsi” keçərdik. Şeirlər söyləyər, səhnəciklər göstərərdik. İndiki kimi yadımdadır, uşaq olsaq da, bu səhnəcikləri oynamaq çox çətin idi. Özümüzü ağlamaqdan güclə saxlayardıq…
Beşinci sinifdə oxuyanda Xocalı haqqında inşa da yazmışdım. İndiki kimi yadımdadır, həmin yazı. Belə bir fikir vardı orada: “Mən Anamı, Atamı, qardaşımı çox sevirəm… Düşünəcəksiniz ki, bunun Xocalıya nə dəxli var? Yox… Xocalı haqqında oxuduqlarımdan, bildiklərimdən məni ən çox ağrıdan, qorxudan bir hadisədir. Xocalıda 8 ailənin bütün üzvlərini öldürüb ermənilər. Bu ailələrdən heç kim qalmayıb… Mən ataları, anaları, qardaş-bacıları öldürən ermənilərə nifrət edirəm…”
Sinif yoldaşlarımızdan biri isə belə yazmışdı: “…Atamın danışdığı bir hadisə heç yadımdan çıxmır. Onun Xocalıda yaşayan dostu həmin dəhşətli gecədə oğlu ilə birgə üzü Ağdama tərəf qaçır. Birdən ermənilər onun oğlunu vururlar. Ata oğlunu kolluqda gizlədir, üstünə də bir dəsmal qoyur ki, ara sakitləşəndə gəlib oğlunun cəsədini götürsün. Aralıq sakitləşəndən sonra geri qayıdır və dəhşətdən yerindəcə donub qalır. Oğlunun meyitinin yerində onun parçalarını görür…”
İndi bunları xatırlamaq belə adamı üşüdür. Amma bunu yada salmaqda məqsədim var. Çingiz ona görə QƏHRƏMANDIR ki, həyatını təhlükəyə ataraq bütün bunları olduğu kimi lentə alıb, ermənilərin Xocalıda kökünü kəsdikləri həmin o səkkiz ailənin, Yer üzündən sildikləri bütöv bir nəslin eşidilməyən harayını aləmə “yayıb”…
Çingiz Laçını tərk edən döyüşçüləri geri qaytarıb, onları Vətənin müdafiəsinə haraylayıb, hər kəsi özü ilə döyüşlərə aparmaq istəyib, “Mən də sizinlə qalıram” deyib, təki murdar düşmənin ayağı Laçına, Şuşaya… dəyməsin…
…ANS kanalında bu kadrı tez-tez göstərirlər. Hər dəfə bu kadrlara baxanda insanın qanı coşur. Fikrimcə, tək bu epizoda baxıb silaha sarılmaq olar!… Laçının göz görə-görə getdiyini görən, bunu əngəlləmək istəyən Çingiz haray çəkir, yaralı qartal kimi çırpınır, var gücü ilə qışqırır, təki nahaqdan təşvişə düşərək Laçını tərk etmək istəyən əsgərləri geri qaytarsın! Qarabağ dərdini əyninə geyinmiş Çingiz hətta onları söyür… Həmişə bu epizoda həm qürur, həm göz yaşı ilə baxır, yumruqlarımı düyünləyib düşünürəm: “Mən mütləq Qarabağa gedənlərin ön cərgəsində olacağam…” Və inanıram ki, həmin gün uzaqda deyil…

   * * * * * *
…O günün uzaqda olmadığını Çingiz Mustafayevin 50 illik yubileyi ərəfəsində Azərbaycanın bir MÜBARİZ oğlu da sübut etdi. Cəsurluğu ilə öz millətinin, xalqının əzəmətini bir daha dünyaya nümayiş etdirdi. Ermənilərə mesaj göndərdi: bu xalqın, bu millətin hər bir övladı istənilən anda irəli atılmağa, düşməni enməyə qadirdir! Azərbaycan oğulları bir çağırışa bənddir!.. Bir Vətən təəssübkeşinin “Ən böyük sevgi Vətən sevgisidir, bu məhəbbət fövqəladə vəziyyətlərdə, ölüm-dirim çağlarında daha qabarıq aşkara çıxır” fikrini indi bütün Azərbaycanın iftixarı olan 22 yaşlı MÜBARİZ AĞAKƏRİM OĞLU İBRAHİMOV həqiqətə, gerçəyə çevirdi.
Mübarizin bioqrafiyasına diqqət edək. O, Qarabağ müharibəsi təzə-təzə başlayanda anadan olub – 1988-ci ildə. Qarabağdan xeyli uzaqda – Bİləsuvarda. Daxili Qoşunların Xüsusi Təyinatlı bölüyündə hərbi xidmət keçib, çavuş rütbəsi alıb. 2009-cu ilin avqustunda öz arzusu ilə yenidən hərbiyə qayıdıb. Etiraf edək, o, yenidən cəbhə bölgəsinə qayıtmaya bilərdi, hərbi xidmətini başa vurmuşdu, axı! Elə isə onu yenidən ən qaynar cəbhə bölgəsinə qaytaran nə idi? Əlbəttə, vətənpərvərliyi. Vətənində at oynatmaq istəyən ermənilərə keçmək istədiyi İGİDLİK DƏRSİ! Bu məqsədi valideynlərinə yazdığı məktubda çox aydın görünür: “VƏTƏNİN DAR GÜNÜNDƏ ARTIQ ÜRƏYİM DÖZMÜR…”
2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində Ermənistan silahlı qüvvələrinin növbəti hücumu zamanı artıq “ürəyi dözmür” Mübarizin, ermənilərə ibrət dərsi vermək vaxtının çatdığını anlayır, bütün vücudu və ruhu ilə irəli atılır, təkbaşına mərdliklə vuruşur, bir neçə erməni əsgərini məhv edir, “Vətən sağ olsun!” deyə özü də şəhid olur. Ən böyük arzusu olan ŞƏHİDLİK ZİRVƏSİNƏ ucalır. Bu isə elə bir zirvədir ki, o zirvəyə hər kəs yüksələ bilmir…
Mübarizin valideynlərinə yazdığı son məktubunu təkrar-təkrar oxudum. “…Canım Atam və Anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olandək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. …Allah böyükdür, Vətən sağ olsun! Haqqınızı halal edin. Oğlunuz Mübariz.” Məncə, bu məktubun özü elə bizim hər birimiz üçün İGİDLİK DƏRSİDİR… 
Bu günədək heç kim onu tanımırdı. Ölümü ilə ölümsüzlüyə ucalan MÜBARİZ Azərbaycan üçün yenidən doğuldu. İnsan var, yüz il yaşayır, amma adı heç kimin yadında qalmır. MÜBARİZ adı isə şəhid olduğu gündən bütün azərbaycanlılar üçün ən əziz ada çevrildi… İndi o, tək bir Ata-Ananın, bir elin, bir obanın yox, bütöv Azərbaycanın oğludur! İyulun 22-də Dövlət başçımız İlham Əliyevin Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi  barədə Sərəncam imzalaması bunu bir daha təsdiq etdi. Bu qərar dövlətimizin tək Mübarizə yox, bütün Vətən şəhidlərinə ehtiramını ortaya qoydu. Bu qərar Prezidentin, həm də bu QƏHRƏMANLARI yetirən torpağa, valideynlərə hörmətini təsdiqlədi. Bu qərar dünyanın ən ağır dərdi ilə üz-üzə qalan bir Ananın yarasına məlhəm oldu, alışan ürəyinə su səpdi. Bu qərar bir də onu göstərdi ki, bu Vətən bu Vətəni sevənləri, qoruyanları heç vaxt unutmur… 
Biləsuvar rayonu Əliabad kəndi. Qəlbində Azərbaycan sevgisi olan hər kəs indi Mübarizin doğulduğu bu məkana gəlir, onun böyüdüyü evi ziyarət edir, valideynləri ilə görüşür. Mən televizorda Mübarizin valideynlərini görəndə sinəsi oğul dağı ilə bu dünyadan köçmüş Xanım nənəmi, Həmdəm babamı xatırladım. İgid oğul itirən Ata-Anaların üzüntüsünü yaxşı başa düşürəm. Amma Vətən yolunda ölümüylə ailəsinə başucalığı gətirib, onlara bu torpaqda məğrur yaşamağa haqq qazandıran oğullar da çox deyil…
Bütün MÜBARİZLƏRİN analarına səslənirəm: Başınızı uca tutun! Sizin oğul itkiniz təkcə kədər, ağı deyil! Bu dərd, həm də əzəmətdir. Əgər sizin övladlarınız dünyaya İGİDLİK DƏRSİ keçiblərsə, bununla ancaq öyünün!…
MÜBARİZ yolu qəhrəmanlıq yoludur, MÜBARİZƏ yoludur. Nə qədər ki, elan olunmamış Azərbaycan-Ermənistan müharibəsi bitməyib, Qarabağ düyünümüz açılmayıb, nə qədər ki, dədə-baba ocaqlarımıza aparan yollar üzümüzə bağlıdır, nə qədər ki, Şuşa, Laçın nisgilimiz, qübarımız bizimlədir, MÜBARİZ YOLU davam edəcək, bu yoldan çox igidlər keçəcək…

  1. Aprel 21, 2013 tarixində, saat 10:26 axşam

    mene tecili sehidlik yasa baxmaz adli insa lazimdir teciliiiiiiiiiii:)

  2. Aprel 21, 2013 tarixində, saat 10:27 axşam

    ne olarrrrrrrrrrrrrrrrrrrrrrrrr:(

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma